Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Şahid: "Qarabağ əlilləri üçün tikilən hər evə görə nazirliyə 6 min manat verirdik"
FED.az xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda Sabunçu rayonu, Maştağa qəsəbəsində təsərrüfat fəaliyyəti ilə məşğul olan Eldar Əliyev dindirilib.
Şahidin sözlərinə görə özündən xəbərsiz adına şirkət açılıb: "Məlikhəsən adlı qonşum var idi. Hər dəfə onu görən də işsizlikdən şikayət edirdim. Bir gün dedi ki, səni işə düzəldirəm, ayda 200 manat maaş alacaqsan. Maşınla apardı məni sənədlərə qol çəkdik. Mən nə bilim ki, adıma şirkət yaradıb. Necə şirkət rəhbəriyəm ki, evim başıma uçur. Adımı yaza bilməyən adamam, müəssisə nədir? Məlikhəsənin özünü də hara da işlədiyini bilmirəm. Qəsəbədə onu quş saxlayan kimi tanıyırdıq".
Digər şahidlər də eyni epizod üzrə ifadə veriblər.
İclas oktyabrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. (Apa)