Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Şahid: "Qarabağ əlilləri üçün tikilən hər evə görə nazirliyə 6 min manat verirdik"
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şəhidlərin ifadələri davam etdirilib.
Prosesdə öncə "Binəqədi Gənclər şəhərciyi"ndə binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinin rəisi olmuş Rasim Qocayev dindirilib.
Hakim, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsaitin Rasim Qocayevin şirkətinin balansına köçürüldüyünü deyib.
Şahid isə qeyd edib ki, mənzillərin satılmasına Rafael Cəbrayılov (həbsdə vəfat edən keçmiş deputat) və qardaşı Elşən Cəbrayılov nəzarət edib, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum. 2015-ci ildə 46 ev, sonrakı illərdə isə, 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil vermişik".
Şahid Qabil Mustafayev isə özünün və qohumlarının adına şirkətlər yaradıldığını, nazirliyin elan etdiyi tenderlərdə qalib olduğunu bildirib. O, müqaviləyə əsasən, Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikildiyini, hər evə görə, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova 5 min manat verildiyini açıqlayıb.
Daha sonra Xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib. N. Xanlarovun dediyinə görə, hər illik plan üzrə şöbə və müəssisələrdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm".
Tərəflərin sualları cavablandıran şahid deyib ki, kiminsə pulunu geri qaytarılması halı baş verməyib: "Kimdən nə qədər pul alınıb, ümumi məbləğin nə qədər də olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".
Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı qeyd olunanların düzgün yazıldığını deyib.
Digər şahid Namiq Şəmiyevin qardaşının Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işlədiyi qeyd olunub.
Şahid bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev (Əjdər Ol) onun qardaşından 115 min manat alıb: "Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra isə yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əhdər Ola verdi. Bundan sonra qardaşımdan əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq, narahat olmayın pulunuzu qaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".
Proses dekabrın 12-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. (Apa)