Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə cəzalar müəyyən edilir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.