Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Eləcə də bax: Bakı İcra Hakimiyyətinin sabiq aparat rəhbəri - AZADLİĞA BURAXILDI
FED.az xəbər verir ki, Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.
Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
Bu gün Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.
FED.az üzərinə həbs qoyulmuş əmlakların siyahısını təqdim edir:
1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
2. "Audi" markalı avtomobil;
3. Bakı şəhərində yerləşən daha bir mənzil.
Bundan başqa "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış 121 min manatlıq mülki iddia təmin olunub.
(Apa)