İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: İcra başçısının mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb - İTTİHAM AKTI
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Vilyam Hacıyev sərbəst ifadə verib. Sabiq icra başçısı verilmiş ittihamları qəbul etmədiyini deyib.
Vilyam Hacıyev ilk olaraq mənimsəmə epizodu üzrə danışıb. O, sözügedən maddə ilə bağlı cinayət törətmədiyini bildirib: "Məhkəmə istintaqı zamanı da göründüyü kimi, mən məktəb, xəstəxana və agentliklərdə olan mənimsəmələrdə ittiham olunuram. Halbuki həmin qurumların İcra Hakimiyyəti ilə əlaqəsi yoxdur. Mən dövlət büdcəsindən gələn gəlirdən əlavə iş adamı olan dostlarımın da dəstəyi ilə abadlıq işləri üçün 8 milyon manat pul xərcləmişəm. İndi burda "mənimsəmə var" deyənlərin sözünü sübut kimi qəbul edirlər, mənim dediklərimi yox. Bəzi işçilər gəlib burda mənim üzümə dururlar, yeyəndə yaxşı idi, amma..."
Sabiq icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz silah saxlama epizodları ilə bağlı da danışıb: "İcra başçısı işləyən vaxt mənə təqdim olunan bütün sənədlər qanuni formada olurdu, digər işçilər nə isə pozuntular ediblərsə, mənim xəbərim olmayıb. Bəlkə də tabeliyimdə olan işçilərlə yumşaq davrandığım üçün belə rahat olublar. Rüşvətlə bağlı da heç bir əsas yoxdur. Ola bilər ki, hansısa dələduzlar kimdənsə pul alıblar, bunlar mənlik deyil. İllərlə arxamca qaçan bəzi ucuz məxluqlar indi gəlib əleyhimə danışdı. Mən heç kimdən rüşvət almamışam, heç kim də mənə rüşvət verməyib. Qanunsuz silahla bağlı da onu deyə bilərəm ki, orda söhbət sadəcə, bir neçə patrondan gedir. İstintaqın gəldiyi qənaətə görə bəzi patronların barıtı bir az çox olub. Bu maddə ilə insanı günahlandırmaq insafa sığmaz.
Onu da deyim ki, mən həbs olunandan sonra yüzlərlə müharibə iştirakçıları və digər sakinlər azadlığa buraxılmağım üçün müraciətlər ediblər".
Vilyam Hacıyev istintaq orqanının depozitində saxlanılan pullardan əlavə ona miras kimi qalan 6 milyon manat pulu dövlət nəfinə ödəməyə hazır olduğunu deyib: "Verilmiş maddələrlə bağlı özümü təqsirli bilməsəm də, qanunsuzluqlar mənim işlədiyim dövrdə olub. Ona görə, dəymiş ziyanı ödəyə bilərəm".
Prosesin davamında dövlət ittihamçısı Vilyam Hacıyevə suallar verib.
Təqsirləndirilən şəxs və vəkili sənədlərin tədqiqindən əvvəl suallar verilməsinə etiraz edib.
Vilyam Hacıyev dövlət ittihamçısının suallarına cavab verməyib.
Proses iyunun 3-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. (Apa)