Yaxın günlərdə ölkədə özünə rəqib sayılan “Sabina” parfumeriya mağazalar şəbəkəsini satın alan “İDEAL Kompani” MMC (birləşmədən sonra adını dəyişib, hazırkı adı – “ADORE Kompani” MMC ) cərimələnmə ilə üz-üzə qalıb.
Eləcə də bax: “Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra - ŞİRKƏT REBRENDİNQƏ GEDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 19 dekabr 2019-cu ildə qərar çıxarılıb.
Məsələ ilə bağlı Şirkətin baş direktoru Samir Əliyev (eləcə də qanuni təmsilçisi) tərəfindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) müraciət edib, narazı qaldığı bildirilir. BAM-ın çıxardığı qərara əsasən qeyd edilən qərar ləğv edilərək, yenidən 1-ci instansiya məhkəməsinə göndərilib.Parfumerya şirkətinin cərimələnmə səbəbi isə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, açıq məkanda texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsidir.
Xatırladaq ki, bu inzibati xətaya görə cərimələnmə Dövlət Reklam Agentliyi tərəfindən protokol kimi tərtib edilir və məhkəməyə göndərilir.
Bu protokola görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.