Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.
Eləcə də bax: Azərbaycanda açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək
FED.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:
“Karantin vaxtı polislər daim xidmətdə idi. Yeni qərardan sonra bu nəzarət daha da gücləndiriləcək. İnsanların küçədə, parklarda maskadan düzgün istifadə etməsinə nəzarət olunacaq.
Burada vətəndaşların yalnız maskadan istifadə etməsi yox, düzgün istifadə etməsinə nəzarət olunacaq. Maska ağız və burunu tam qapatmalıdır. Maskanı çənəyə taxıb gəzməklə karantin qaydasına əməl etmək olmur. Maskadan düzgün istifadə etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”.
Qeyd edək ki, maskadan düzgün istifadə etməməyə görə cərimə fiziki şəxslər üçün 100 manatdır.