Keçmiş deputat Hüseyn Abdullayevin həbs müddəti artırılıb. FED.az xəbər verir ki, bununla bağlı prokurorluğun verdiyi təqdimata Nəsimi Rayon Məhkəməsində baxılıb.
Hakim təqdimatı təmin edərək H. Abdullayevin daha 3 ay həbsdə saxlanılmasına qərar verib.
Rəsmi açıqlamaya görə, “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkədən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.
3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyədə tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib.
"Quska", həm də hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir.