İstehlakçı hüquqlarının pozulması halları ilə bağlı daha bir şirkətə protokol tərtib olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Zeytun Pharmaceuticals" MMC barəsində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta barədə protokol tərtib edilib. Araşdırmalar nəticəsində məlum olub ki, şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyən etdiyi maksimal pərakəndə satış qiymətindən baha qiymətə təklif edərək qanunvericiliyin tələblərini pozub.
Qeyd olunub ki, protokol 26 yanvar 2026-cı il tarixində tərtib edilib. Fakt üzrə aparılan araşdırma nəticəsində aydınlaşıb ki, satış prosesi zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsinin tələbləri pozulub.
Baş verən hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi əsasında qiymətləndirilib. Bu maddəyə görə,
"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satışına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, buna bənzər hal ötən il də təkrarlanmışdı. Şirkət barəsində 15 mart 2025-ci ildə də protokol tərtib edilmişdi.











