Daxili İşlər Nazirliyi “Yeni il”də kütləvi tədbir keçirmək istəyənlərə xəbərdarlıq edib.
Eləcə də bax: Nazirlər Kabinetindən kafe və restoranların fəaliyyəti ilə bağlı - Açıqlama
DİN Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir. Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.