Özünü 12-ci imam kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: “Şaurma”nın sahibi “12-ci imam”a 173 min manat - ZƏKAT VERİB
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ötən həftə ifadə verən zərərçəkmişin ifadəsi haqda danışıb.
"Şaurma 1"in şəriki olmuş Natiq Sadıqovun ifadəsində əvvəllər Aqil Babayevə imam kimi sitayiş etdiyini, ona qarşı 500 min manatlıq dələduzluq olunduğunu deməsinə münasibət bildirən Aqil Babayev bunun yalan və qərəzli olduğunu deyib. O, zərərçəkmiş kimi tanınmış şəxsin əvvəldən planlaşdırılmış mövqeyini ortaya qoyduğunu deyib: "Bütün dedikləri cəfəngiyyatdır. O, nə yoldaşlığa, nə duz-çörəyə hörmət qoymadı. Özünün də dediyi kimi, xaricdə oxumuş savadlı adamdır. Nə isə sübutu varsa, qoysun ortaya. Kim yalan danışırsa, iki gözü çıxsın, axirətdə cavab versin!"
Aqil Babayev zərərçəkmiş şəxslərin hamısının başında Natiq Sadıqovun durduğunu, təşkilatçılıq etdiyini deyib. O, zərərçəkmiş kimi tanınmış Aslan və Anar adlı şəxslərin onun evinə hücum etdiyini də vurğulayıb: "Buzovnadakı bağ evində mənə hücum etdilər, məni təhdid edirdilər ki, hər yerdə adamımız var. Sonra şəhərdəki evimə gedib qarət etdilər. Hamısının da başında Natiq dayanır. Ötən dəfə dedi ki, ondan üstün olmayım deyə özünə də, mənə də eyni markalı avtomobil alıb. Bu, onun ağlının təzahürüdür, hədisin dünya malına nə dəxli var? Yaxşı, tutaq ki, məni imam kimi qəbul edib, onda nəyə görə özü şəhərin mərkəzində yaşaya-yaşaya mənə Xocasəndə köhnə ev vermişdi?”
Prokuror Aqil Babayevdən zəkatların necə yığıldığını və aylıq nə qədər məbləğ toplandığını və soruşub.
Aqil Babayev belə cavab verib: "Zəkat burdakı zərərçəkmiş şəxslər tərəfindən yığılaraq ehtiyacı olan şəxslərə paylanırdı. Qonşum Samir Cəfərov isə pulları toplayıb paylamaq üçün bir qadına verirdi. Ayda təxminən 5 min manata qədər zəkat toplanırdı. Mənə sadəcə, hesabatı təqdim edirdilər ki, aylıq nə qədər pul yığılıb".
Təqsirləndirilən şəxs şəhid ailələri üçün ev tikilməsi ilə bağlı deyilənləri isə tamamilə təkzib edib.
Prokurorun təhsili və iş fəaliyyəti ilə bağlı sualına cavab verən Aqil Babayev 1994-cü ildən daxili işlər orqanlarında işlədiyini, sonralar isə dayısı Oqtay Həsənovun maddi dəstəyi ilə tikinti biznesi ilə məşğul olduğunu deyib. O, 2006-cı ildən sonra isə Natiq Sadıqovun təklifi ilə "Şaurma 1" də şərik olduğunu əlavə edib.
Təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev isə ona "Şaurma 1"-də işlədiyi müddətdə kimlərisə işdən qovub-qovmaması ilə bağlı sual verib.
Aqil Babayev suala "Bəli, olub. Hərc-mərclik və əxlaqsızlıq edənləri qovmuşam", - deyə cavab verib.
Bu zaman zalda oturan zərərçəkmişlərdən ikisi ayağa qalxıb onu yalan danışmaqda ittiham edərək təhqir ediblər. Təqsirləndirilən şəxsin vəkilləri məhkəmədən təhqirlərlə bağlı ölçü götürülməsini istəyiblər.
Məhkəmə zərərçəkmiş şəxslərə xəbərdarlıq edib.
Proses sentyabrın 20-də davam etdiriləcək.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub. (Apa)