Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Eləcə də bax: Şahid: "Şəhid ailəsi olaraq ev almaq üçün 10 min manat verdim"
FED.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Feyzi Məmmədov bildirib ki, hazırda İmişi şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışır.
O deyib ki, daha əvvəl işlədiyi idarə rayonda tədbirlərin keçirilməsi ilə bağlı İmişi RİH-nə 10 min 800 manat pul verib: "Bizim idarənin müdiri Rəhim Rəhimov idi. Rayonda işlərin görülməsi ilə bağlı Rəhim Rəhimov söylədi ki, rayon rəhbərliyinin tapşırığı ilə pul verməliyəm. Mən də ümumilikdə 10 min 800 manat pul verdim".
Məhkəmə davam edir.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. (Report)