"Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov hədə yolu ilə iş adamı Kamal Akimovun ondan 500 min dollar aldığını iddia edir.
Əlillər üçün tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinə - HÖKM OXUNDU
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun şikayəti əsasında K.Akimov barəsində cinayət işi başlanıb. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bununla belə, iş adamı özünü təqsirli bilmir, əksinə şirkət rəhbərinin onu şərlədiyini, 2012-ci ildə "Azimport" şirkətinin ona məxsus olan Səbail rayonundakı qeyri-yaşayış sahəsini sökdüyünü deyir.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Əsgərov ona əmlakın əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb. Bu pulun 500 minini iki il ərzində hissə-hissə ödəyib. Qalanını ödəməkdən imtina edib.
“Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?", - ötən proseslərdən birində Akimov belə deyib.
Məhkəmədə Akimovun vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkili qalan pulu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail rayon icra başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü haqqında cinayət işi başlayıb:
"Hüquq tarixində belə şey olmayıb ki, vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş haqqında cinayət işi başlayır”.
Zərərçəkmiş qismində tanınan Əsgərov isə ifadəsində bildirib ki, Akimov bir neçə ildir onu hədələyib pulunu alıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər beləydisə, o zaman niyə bu illər ərzində Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? "Ürəyim belə istəyib, belə də eləmişəm...",- deyə "Azimport"un rəhbəri deyib.
İş üzrə şahid kimi dindirilən şəxslərdən biri də məşhurların vəkili kimi tanınan Kamandar Nəsibov olub. Belə ki, K.Nəsibov vaxtilə mübahisəli əmlakın sökülməsinə görə Akimovun “Azimport” şirkətinə qarşı qaldırdığı iddialar üzrə vəkil kimi çıxış edib. Daha sonra Nəsibov Akimova təklif edib ki, qarşı tərəflə - Azər Əsgərovla görüşsün. O da qəbul edib və görüş elə vəkilin ofisində baş tutub. Kamal Akimov iddia edir ki, 800 min manatlıq razılaşma da həmin görüşdə əldə olunub.
Məhkəmədə o da məlum olub ki, Kamandar Nəsibov Kamal Akimovdan sonra Azər Əsgərovla əməkdaşlıq etməyə başlayıb.
İş üzrə məhkəmə araşdırması davam edir. Sonuncu iclasda Akimovun vəkili 3 fərqli vəsatət qaldırıb. Birinci vəsatət sökülən əmlakın qiymətləndirilməsi ilə bağlı olub. İkinci vəsatət sökülən yerdə olan hazırki tikilinin eyniliyini müəyyən etmək üçün tikinti mühəndisliyi ekspertizası keçirilməsi barədədir. Digər vəsatətdə isə Akimova məxsus sökülüb yerinə tikilən binanın “Azimport”un və əməkdaşları tərəfindən tikintinin aparılması halını təsdiq etmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən həmin tikintini kimin apardığını müəyyən etməsi istənilib.
Xüsusatların araşdırılması üçün vəsatətlərə baxılması gələn prosesə təxirə salınıb.
Qeyd edək ki, “Azimport” Azərbaycanda tanınmış tikinti şirkətlərindən biridir. Azər Əsgərovla yanaşı, onun şərikli sahiblərindən biri də Bayraq Meydanı İdarəsinin direktoru Rəşad Məmmədov idi. R.Məmmədov özü də vaxtilə yeyinti ittihamı ilə həbs edilmiş, daha sonra sərbəst buraxılmışdı.