Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Bravo"ya silahlı hücum edən şəxslərin - MƏHKƏMƏSİ KEÇİRİLİB
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib.
O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub:
"Valideynlərim cinsi azlıq olduğunu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdı. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım və orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.Ismayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi".
Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar:
"Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim". (Report)