"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Eləcə də bax: "Baku Steel Company"nin keçmiş rəhbəri: "Üzümə duranların çoxuna atalıq etmişəm"
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahid qismində Natiq Həşimov dindirilib.
Şahidin ifadəsi zamanı Rasim Məmmədovun dövründə çoxsaylı şirkətlərin yaradıldığı, həmin şirkətlərin hesabına vəsaitlərin köçürüldüyü, sonradan isə nağdlaşdırılıb geri qaytarıldığı üzə çıxıb. Natiq Həşimovun sözlərinə görə, pulları çıxarıb “Azeri Steel 2009” MMC-nin mühasibi Mübariz Səmədova verib.
Dövlət ittihamçısı Orxan Səmədov şahiddən adına açılan şirkətlər barəsində soruşub.
Şahid əvvəl həmin şirkətləri pal-paltar gətirib satmaq məqsədilə yaratdığını desə də, sonradan şirkətlərin necə yarandığını bilmədiyini bildirib: “Bilmirəm kim açıb, mənim adıma ya zəlzələdən, ya vəlvələdən açılıb”.
Şahid istintaq zamanı verdiyi ifadə elan olunduqdan sonra isə fərqli danışıb.
Natiq Həşimov əvvəlki ifadəsində 28 şirkət adı çəkib. Həmin şirkətlər onun və başqalarının adlarına təsis edilib: "Hər şirkət 200-300 manat müqabilində kiminsə adına açılıb. “Azeri Steel 2009” MMC-dən həmin şirkətlərə nəqliyyat xərci adı altında pullar köçürülürdü. O pulları mən çıxarırdım, aparıb "Azeri Steel 2009"un maliyyə direktoru Mübariz Səmədova verirdim”.
Məhkəmədə Rasim Məmmədov özü də çıxış edib. Təqsirləndirilən şəxs “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edib: “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız? Bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, kimsə məni oyatmalıdır ki, belə şey ola bilməz. İstintaqda mənə dedilər ki, 500 milyon pul qazanmısan. Birincisi, o qədər qazanmamışam, ikincisi də yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki...”
Təqsirləndirilən şəxs məktəb yoldaşı, eləcə də “Baku Steel Company”də onun birinci müavini olmuş, bu cinayət işi üzrə həbs edilib, bir müddət sonra azadlığa buraxılan və məhkəmədə gəlib onun əleyhinə ifadə verən Çingiz Həsənov haqda da danışıb: “Çingiz Nərimanov prospektində banan satırdı, onu gətirib orada iş verdim. İndi gəlib burada mənimlə elə danışır ki... Çünki həbsdəyəm. Başa düşmür ki, illərlə dostluq elədiyi adamın üzünə durana heç kim hörmət eləmir”.
Prosesdə şahid qismində tanınmış əsas şahidlərdən biri olan Yusif Hənifəzadənin xəstəliyi ilə bağlı məhkəməyə gələ bilmədiyi elan olunub.
Rasim Məmmədov və vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova etiraz edərək, Yusif Hənifəzadənin məhkəmədə dindirilməsində israrlı olduqlarını bildiriblər.
Proses oktyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. (Apa)