Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı "APA"ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov vəzifədə çalışdığı 2016-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar.
Dövlət Gömrük Komitəsində, eyni zamanda Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsində çalışmış Rafael Əliyev 2016-2020-ci illər ərzində digər şəxslərlə əlbir olaraq nağd qaydada dövlət büdcə vəsaitlərini mənimsəyib.
2020-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək maliyyə naziri kimi fəaliyyət göstərən R.Əliyev digərləri ilə əlbir olaraq şişirdilmiş qiymətlərlə hesablara köçürülən pul vəsaitlərini nağdlaşdırma yolu ilə talayıb.
Həmçinin, nazirlikdə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, əmək haqqlarına əlavələr edilərək külli miqdarda büdcə vəsaitləri də israf edilib.
Məhkəmədə çıxış edən təqsirləndirilən Mənsur Əsgərov bildirib ki, o, 2001-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb:
"Ümumi qayda belə olub, o vaxtdan belə görmüşəm. Pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. Proseslərdə pullar vəzifəli şəxslər - idarə rəisləri tərəfindən yığılıb maliyyə şöbəsinə verilirdi, proqramla eyniləşdirmə aparıldıqdan sonra pulları komitə sədrinə verirdik".
M.Əsgərov qeyd edib ki, 2020-ci ildə komitə sədri Səhhət Həbibbəyli onu qəbul edib:
"Yeni təyinat aldıqdan sonra komitə sədri məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Ona qədər çalışdığım yerlərdə 400-500 manat paket alırdım. Komitəyə getdikdən sonra, yəni tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3000 manat paket aldım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pullar dollar və manatla yığılırdı. Daha sonra manatla olan pulları dollara dəyişirdik. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".
Mənsur Əsgərov etdiyi bu hərəkətdən peşman olduğunu bildirib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rəfael Əliyev qeyd edib ki, o, gömrük xidmətinə 2009-cu ildə qəbul olunub. 2011-ci ildən isə maliyyə şöbəsinin rəisi olub:
"Ödənişlər iki istiqamətdə - sərnişin və yük üzrə aparılıb. Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. 2016-cı ilədək yığılan pullar idarə rəisləri tərəfindən birbaşa komitə sədri Asəf Məmmədovun özünə verilirdi. 2017-ci ilin mart-aprel aylarından isə A.Məmmədov tapşırıq verdi ki, vəsaitlər mənə yox, maliyyə şöbəsinin rəisinə verilsin. Verilən manat və dollarları mən də eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədrinə verirdim. Sonradan komitə sədri idarə rəislərini yenidən yanına çağırırdı. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqramın yaradilması təşəbbüsü Səhhət Həbibbəyliyə məxsusdur".
Rafael Əliyev bildirib ki, o, gömrük komitəsindən çalışdığı vaxt hər ay 1500 AZN paket alıb.
R.Əliyev qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlarda şişirdilmiş qiymətləri görüb və o, həmin qurumdan məbləğin 10 faizi alıb. Keçmiş maliyyə naziri bildirib ki, bəzi işçilər ondan öncəki dövrdə işə qəbul olunub və dövlət qulluqçusu olmadan onlara ödənilən vəsaitlər əvvələr də olub.
Dövlət ittihamçısının "Maliyyə naziri kimi nə qədər paket alırdız?" sualına Rafael Əliyev cavabı belə olub: "2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım".
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.
Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.