“Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.
MTK-nın vəzifəli şəxsinin təqsirləndirildiyi cinayət işi - MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
Yasamal rayon prokurorluğundan FED.az-a verilən məlumata görə, araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.
Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.