Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.
Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilirlər.
Sözügedən maddələr aşağıdakı qanun pozuntularına aiddir:
Maddə 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
Maddə 311.3.1 - Rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən – 8-12 il azadlıqdan məhrum etmə
Maddə 311.3.2 - Rüşvət alma – təkrar rüşvət aldıqda – 8-12 il azadlıqdan məhrum etmə
Maddə 311.3.3 - Rüşvət alma – külli miqdarda –8-12 il azadlıqdan məhrum etmə












