Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Eləcə də bax: Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri - İFŞA EDİLDİ
Baş Prokurorluğunun Mətbuat xidmətindən FED.az-a bildirilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin 2017-ci ildə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.