Nazirlər Kabineti «Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası»nı təsdiqləyib.
Eləcə də bax: Prezidentin nazirlərə tapşırıqları əsasında - TƏDBİRLƏR PLANI TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, Bu Qayda “Dövlət satınalmaları haqqında” qanuna uybun olaraq hazırlanıb və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satınalınması üçün nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.
Qaydaya görə, vəsaiti hakimlərin hesabına Ədliyyə nazirliyi köçürəcək. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir.
Hakimlərə çatacaq məbləğ Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş sxem əsasında bölüşdürülür. Bu məbləğ il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və s.) asılı olaraq ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir.
Hər növbəti il üçün bölgü sxemi hər il dekabrın 31-dək təsdiq edilir. Bank hesablarına köçürülən vəsaitin xərclənməsi ilə bağlı hakimlər hesabat vermir, lakin onlar bu vəsaiti yalnız nağdsız qaydada xərcləyə bilərlər. Dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitin həcmi hər il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dəqiqləşdirilir.