Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Bakı Apelyasiya Məhkəməsinin, Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Şahid: "XİN-in şirkətə köçürdüyü pulu Səlim Əlizadəyə nağdlaşdırıb borc olaraq verdim"
FED.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Lətif Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində səçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.
Zərərçəkmişlər dəymiş zərərin ödənilmədiyini bildiriblər və L.Nəbiyevə ağır cəza verilməsini tələb ediblər.
Proses oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.
2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə, L.Nəbiyevin intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra o, Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən uzaqlaşdırılıb.
Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar (təqribən 420 750 manat), Rüstəm Abdullayevə isə 59 min 700 dollar (101 490 manat) zərər dəydiyi müəyyən edilib. (Apa)