Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilən Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FED.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Eləcə də bax: Kibercinayətkarlıqda təqsirləndirilən şəxsin məhkəməsi - BAŞLAYIB
Prokuror çıxış edərək hər iki təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İş üzrə zərərçəkmiş kimi tanınan "Ekspress Bank"ın nümayəndəsi çıxış edərək 81 min manatın, "AzərTürkBank"ın nümayəndəsi 341 min manatın, "AzəriQazBank"ın nümayəndəsi isə 141 min manatın banka ödənilməsini istəyiblər.
Vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Proses oktyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən ilin mayında yaydıqları birgə məlumata əsasən, 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.
Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.
Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Report