Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.
Belə ki, 2021-ci il yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 7 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 6 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.
"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.