Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37490 işə baxılmışdır ki, bu da 2015-ci ilin göstəricisindən 13,6 faiz azdır.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, onların 55,6 faizi idarəçilik qaydaları, 10,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 10,0 faizi yol hərəkəti qaydaları, 7,8 faizi sağlamlıq, 2,1 faizi gömrük qaydaları, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 0,9 faizi ticarət qaydaları, 0,7 faizi mülkiyyət əleyhinə olan, 1,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 10,0 faizi isə digər inzibati xətalarla bağlı olmuşdur.
2016-cı ildə baxılmış işlərin 65,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 21,6 faizinin icraatına xitam verilmiş, 12,3 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılmış, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilmişdir.
İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən 24649 nəfər (2015-ci illə müqayisədə 24,9 faiz az) inzibati məsuliyyətə cəlb edilmiş və onların 35,1 faizinə inzibati cərimə, 33,1 faizinə inzibati həbs, 24,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 3,3 faizinə xəbərdarlıq, 1,2 faizinə ictimai işlər, 3,1 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.