Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.
Ağcabədidə qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…
Daxili İşlər Nazirliyindən FED.az-a verilən məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
DİN bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırıb: "Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər".