Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Gömrük orqanlarında xidmət haqqında və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamələrə dəyişikliklər müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, prokurorluq orqanlarına qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.
Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Bundan başqa, sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Təklif olunan digər dəyişikliyə əsasən, intizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək.
Hazırda qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.
Layihəyə əsasən, gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər.
Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə isə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.
Gömrük, daxili işlər və ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.
Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.