Nizami Rayonu, Qara Qarayev prospekti 32 saylı binanın sakinləri redaksiyamıza müraciət edib.
FED.az məlumat verir ki, sakinlər “Qafqazinfo”ya şikayətində bildirib ki, yaşadıqları binanın qeyri-yaşayış hissəsi olan birinci mərtəbəsi qanunsuz şəkildə artırılır.
Eləcə də bax: İcra Hakimiyyəti başçısı eyni torpaq sahəsinə iki sərəncam verib - MƏHKƏMƏ GEDİR
Onlar iddia edir ki, binanın prospektə baxan hissəsində sakinlərin və uşaqların istirahət etdiyi parkda abadlaşdırmaq adı ilə qeyri-qanuni işlər görülür:
“Eyvanlara bitişik dəmir və daş konstruksiyalardan artırılma işləri gedir və beləliklə də orda yaşayan yaşlı insanların, uşaqların gediş-gəlişi üçün maneə yaradır. Bildirmək istəyirik ki, bu konstruksiyalar həm də gələcəkdə baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı əraziyə gələn xüsusi nəqliyyat vasitələrinə maneə törədəcək. Hazırkı proseslə bağlı Nizami Rayon İcra Hakimiyyətinə şikayət etsək də, müraciətimiz cavabsız qalıb”.
Nizami Rayon İcra Hakimiyyətindən “Qafqazinfo” ya bildirilib ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai və Nizami prospektlərində genişmiqyaslı işlər görülür:
“Hazırda Qara Qarayev prospektində yerləşən mövcud yaşayış binalarının fasadları, eyvanları, damları, həmçinin, bağlar, səkilər əsaslı təmir olunur, parklarda sakinlərin asudə vaxtlarında istirahəti üçün güşələr yaradılır.
Sözügedən Qara Qarayev 32 saylı binanın fasadında da hazırda təmir işləri aparılır. Layihə əsasında binanın birinci mərtəbəsində yerləşən müxtəlif obyektlərin hamısının eyni formada təmiri nəzərdə tutulub. Odur ki, binaya arxitektur görünüş vermək üçün layihəyə uyğun olaraq obyeklərin fasadının 1,5 m önə çəkilməsi nəzərdə tutulub. Burada hər hansı qeyri-qanuni, sakinləri narahat edəcək bir məqam müşahidə olunmayıb.
Küçədə aparılan təmir işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılır və abadlıq işlərinin təşkili Nizami Rayon İcra Hakimiyyətinə həvalə olunub”.