Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.
Cinayət Məcələsinə əsasən hazırda şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Layihədə bu halda 6 min manatdan 10 min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırma təklif edilir.
Qüvvədə olan qanuna əsasən şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.