Bəzən tərəflər rəsmi qaydada boşanan zaman əmlak bölgüsü istəmirlər. Beş ay, bir il, üç il sonra kimsə tərəflərdən birinə hüquqi cəhətdən istiqamət verir ki, əmlak bölgüsü tələb etsin.
Rəsmi nikah qüvvədən düşdükdən və üzərindən müəyyən müddət keçdikdən sonra tərəflərin belə bir hüququ qalırmı?
Azərbaycanda vərəsəlik hüququ üçün xüsusi qəbul şərti və müddətinə dair tələblər - LƏĞV EDİLİB
FED.az xəbər verir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib ki, ümumi əmlakın bölünməsi ilə bağlı müddət tətbiq edilir və bu müddət qanunvericiliklə tənzimlənir.
Onun sözlərinə görə, qanuna görə ər-arvadın ümumi əmlakının bölünməsi üçün üçillik iddia müddəti verilir:
“İddia müddəti mübahisə halında, qarşı tərəf tətbiq edilməsini istədiyi halda tətbiq olunur. Mübahisə halında qarşı tərəf iddia müddətini irəli sürmürsə, məhkəmə bu müddəti tətbiq edə bilməz. Əgər qarşı tərəf iddia müddəti irəli sürərsə, üç il müddətinin hesablanması aparılır. Əvvəlki təcrübələrə görə nikah rəsmi qaydada (məhkəmə orqanında, ya da qeydiyyat orqanında) pozulubsa, həmin üçillik müddət başlamış hesab olunur. Lakin Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul etdi. Qərara əsasən, nikahın pozulması bu müddətin başlamasına səbəb hesab edilməyəcək. Hər bir işdən asılı olaraq tərəf bununla bağlı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən, o müddət başlamış hesab olunacaq. Məsələn, tərəflər nikah pozulduqdan sonra da eyni evdə yaşamağa davam edir. Bir gün tərəflərdən biri digərini evdən qovursa, həmin an hüquqları pozulur və onun iddia qaldırmaq hüququ yaranır. Məhz bu zamandan etibarən həmin üçillik iddia müddət başlamış hesab edilir”. (Oxu.az)