Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda işə düzəltmək adi ilə vətəndaşların 800 min manatını məmimsəyiblər - MƏHKƏMƏ İNSTİNTAQI
FED.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Şirin Şükürov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib:
“Keçirilən yoxlamalar zamanı 2017-2021-ci illərdəki təftiş dövründə 1 milyon 600 min manatdan çox çatışmazlıq aşkar olunmuşdu. Təqsirləndirilən şəxslərdən birbaşa tapşırıq almamışam. Ümumi məbləğdən 600 min manatı mənə qalıb, 33 min manatını dövlət büdcəsinə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm”.
O qeyd edib ki, bir təftişdə 140 min manata yaxın çatışmazlıq aşkar olunub. Yoxlamaya gələnlərə veriləcək məbləğin göstərişini korpusun maliyyə xidmətinin rəisi Ceyhun Musayevdən alıb.
“Kimə nə qədər verilməsini biz müəyyən etmirdik, standartlar belə idi. Müxtəlif vaxtlarda təftişə Azər və Teymur müəllim gəlirdi. Pulları onlara vermişəm” – o deyib.
Şahid Tərlan Əliyev bildirib ki, həmin dövrdə hərbi akademiyada maliyyə xidmət rəisi işləyib. Yoxlamalar zamanı 1 milyon manata yaxın çatışmazlıq aşkar olunub. Həmin pullardan 500 min manatı ona qalıb. Dövlətə dəyən ziyanı tam ödəyib.
“Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafael Xələfova hər dəfə təxmini 30-35 min manat olmaqla 4 dəfə pul vermişəm, amma o, istintaq zamanı üzləşəndə bunu inkar edib”, - şahid bildirib.
O, həmçinin əlavə edib ki, qohumlarının adına kart hesabları açdırıb, onların əksəriyyəti hərbçi olmayıb.
Rafael Xələfov istintaqa verdiyi ifadədə Tərlan Əliyevdən cəmi 60 min manat pul alaraq Nizami Məmmədova verdiyini bildirib.
Müttəhim Nizami Məmmədov etiraz edib: “Rafael Xələfov istintaq zamanı qaranlıq məqamlarla bağlı deyirdi ki, pulları mənə verib, lakin mənim bununla bağlı xüsusi tapşırığım olmayıb".
Şahid Fariz Nəbiyev bildirib ki, həmin vaxt Hərbi Hava Qüvvələrinin hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləyib, istintaq matreallarında 90 min manata yaxın çatışmazlıq aşkar olunduğu qeyd olunub. Bu məbləğin 20-25 min manatı ilə razı deyil. Mənimsənilən pullardan 33 min manatı ona qalıb. Həmin puldan 6500 manatını ödəyib, qalanını da yaxın vaxtda ödəyəcək.
Nizami Məmmədov bildirib ki, Fariz Nəbiyev pul məsələsi ilə bağlı işdən çıxmaq istəyib:
“Ona çatan pulla razı deyildi. Rafael və Cəlalla aralarında pul məsələsi var idi. Mənə ev almaq istədiyini bildirdi. Mən də Rafael Xələfovla Cəlal Kazımovu yanıma çağırıb məsələni yoluna qoydum”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. (Report)