Cari ilin ilk 9 ayında 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib.
FED.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən parlamentdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" mövzusunda konfransda deyib.
O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən görülən bu işlər nəticəsində 2552 hektar torpaq sahəsinin icarəyə verilməsi, 13 hektarının isə mülkiyyətə verilməsinə dair qanunsuz bələdiyyə qərarları ləğv olunub:
"Eyni zamanda, bu qeyd olunan torpaq sahələrinin 2040 hektarını örüş sahələri əhatə edir. Həmin torpaqların geriyə qaytarılması, yəni bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı tərəfimizdən tədbirlər görülüb. Bu, kənd təsərrüfatının dəstəklənməsinə, torpaqların yerlərdə daha düzgün və ədalətli paylanmasına gətirib çıxarıb".
E.Həsənov bildirib ki, torpaqlardan düzgün istifadə ilə yanaşı, torpaq sahələrinin icarə haqlarının, həmçinin torpaq vergilərinin düzgün hesablanması nazirliyin əsas prioritet fəaliyyət istiqamətlərindən biridir:
"Belə ki, Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş strateji hədəflərə dair 2026-cı il üzrə planda bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq verilib. Verilən tapşırıq çərçivəsində tərəfimizdən bələdiyyələrin hazırda istifadə və icarədə olan torpaqları təhlil olunub, müəyyən çatışmazlıqların olduğu müəyyənləşdirilib. Həmin məsələlər haqda artıq metodoloji işə başlanılıb". (Report)













