Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elxan Hacıyev tərəfindən tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparılmasına, həmin tikintidə sürücü-operator işləyən Ümid Quliyevin isə əmək mühafizəsi qaydalarını pozmasına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Elxan Hacıyev Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), Ümid Quliyev isə həmin Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Ordubad rayon məhkəməsinə göndərilib.