Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair MR Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə konstitusiya icraatı qaydasında məhkəmə işinə baxılıb.
İclasda məruzəçi hakim Əli Allahverdiyev Ali Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.
Bildirib ki, seçki sənədlərinin araşdırılması zamanı istər məntəqə seçki komissiyalarının, istərsə də dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi zamanı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun və “Seçki sənədlərinin tərtib edilməsi qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının təlimatının tələblərinin kobud surətdə pozulması hallarına yol verilməyib. Yoxlama aparılarkən seçkilər başa çatdıqdan sonra bu günədək namizədlər, o cümlədən siyasi partiyalar tərəfindən seçkinin nəticələrinin mübahisələndirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 98-101-ci maddələrində müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət daxil olmayıb və heç bir işə baxılmayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə Ali Məclis seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb.
Çıxışlardan sonra məhkəmə tərkibi müvafiq qərar qəbul etmək üçün müşavirəyə gedib.
İclasın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkməsinin sədri Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.
Qərara əsasən, 2024-cü il sentyabrın-1-də keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq olunub. (Apa)