Azərbaycanda maliyyə mübahisələrinin həlli sahəsində mühüm yenilik baş verib.
Mediator yeni peşə kimi əmək bazarının - İŞTİRAKÇISINA ÇEVRİLİR
FED.az xəbər verir ki, Mediasiya Şurasında “Maliyyə mübahisələri” Komitəsi yaradılıb və sədri təyin edilib. Bu barədə FED.az-a açıqlama verən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, mediasiya ilə tənzimlənən məsələlər sırasına kommersiya mübahisələri də daxildir.
Kommersiya mübahisələrinə isə maliyyə xarakterli mübahisələri, banklar, sığorta və kommersiya strukturları arasında olan mübahisələri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan mübahisələri aid etmək olar. N.Adilovun sözlərinə görə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzalanmış sərəncamda Mediasiya Şurasının üzərinə də böyük məsuliyyət qoyub.
Belə ki, qeyd edilən sərəncamda mediasiya işinin təbliği və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi, mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətində yaranan münaqişələrin çevik həllinə imkan verən mediasiya sisteminin genişlənməsi qeyd edilib.
Bu məqsədlərə çatımlılığın ölçülə bilən olması üçün Mediasiya Şurasına mediasiya hesabına həll olunan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin sayının hər il 10% artması tapşırığı qoyulub. Bu tapşırığın sağlam icrası məqsədi ilə tərəfimizdən müxtəlif tədbirlər görülür.” – deyə İdarə Heyətinin sədri bildirib.
O qeyd edib ki, ölkəmizdə bank sektoru dinamik inkişaf edir və bank sektoru ölkəmizdə aparılan iqtisadi islahatların mühüm hissəsidir. Banklar ölkə iqtisadiyyatında, yeni iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun artırılmasında, demək olar ki, bütün sektorların inkişafında mühüm töhfə verir: «Bu məqsədlə, bank sektorundakı maliyyə mübahisələrinin daha operativ, şəffaf və uğurlu həllinə nail olmaq, habelə bu məsələləri tənzimləyici qurumlar, aidiyyatı dövlət orqanları ilə çevik və səmərli müzakirə etməklə maliyyə mübahisələrində bankların da yaxından iştirakı ilə müsbət mediasiya presidentləri yarada biləcəyik».
Nadir Adilovun sözlərinə görə, Komitənin yaradılması həmçinin qeyri-kommersiya statuslu və müstəqil peşə birliyi olan Mediasiya Şurasının beynəlxalq standartlara uyğun davranışının da bariz nümunəsinə çevriləcək: «Bu isə ölkəmizə cəlb ediləcək invesisiya mühütünə düşünürük ki müsbət təsirlər edəcək. Çünki bir çox hallarda xarici investorlar üçün mübahisələrinin alternativ və nəticə yönümlü həlli üçün invesisiya edəcəkləri ölkədə alternativ mübahisə həlləri modellərinin olması çox vacibdir».
«Bu məqsədlə də biz Mediasiya Şurasının Maliyyə Mübahisələri Komitəsini yaratdıq və maliyyə mübahisələri üzrə ixtisaslaşmış peşəkar mediator Murad Məmmədovu Komitənin sədri vəzifəsinə layiq bilərək təyin etdik. Komitə Sədrinə isə həvalə edilmişdir ki, Komitənin əsasnaməsini hazırlayaraq Şuranın İdarə heyətinin sədrinə təqdim etsin və Komitənin tərkibinin peşəkar mediatorlardan formalaşdırılması üçün təkliflər versin. Komitənin bundan sonrakı səmərəli işinin təşkilinə dəstək məqsədi ilə Komitənin Katibi Mediasiya Şurasının əməkdaşı Ziyad Məmmədov icra edəcəkdir» - deyə N.Adilov fikirlərini tamamlayıb.