Ağdam Musiqi Kollecinin sabiq direktoru Rafail Musayevin külli miqdarda rüşvət alması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Peşə təhsili müəssisələrində baş verən qanunsuzluqlarla bağlı - Cinayət İşi Başlanıb
FED.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki. istintaq zamanı Rafail Musayevin qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illər ərzində kollecdə müəllimlərin işlə təmin edilməsi, onlara əlavə dərs saatlarının verilməsi, habelə tələbələrin imtahanlardan məqbul qiymət alması müqabilində ümumilikdə 45 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafail Musayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.