Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.
FED.az xəbər verir ki, bununla bağlı Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, o cümlədən “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişikliklər olunması təklif edilir.
Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.
Belə ki, sənədə görə notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.
Dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.
Hər bir miras şəriki Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.
Qanun layihəsində o da qeyd edilib ki, Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər.
Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.