Azərbaycanda mobil telefonların İMEİ kodunu dəyinəşlərlə bağlı cəzalar sərtləşdirilir.
Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti - AÇIQLANIB
FED.az xəbər verir ki, bununla bağlı qanunlara – «Telekommunikasiya haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Yeniliyə görə, Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 4000 manat cərimə ediləcəklər. 1 il ərzində təkrar pozuntuya görə cərimələr müvafiq olaraq 800 manat, 2500 manat və 12 000 manata yüksələcək.
«Telekommunikasiya haqqında» qanuna İMEİ kodun dəyişdirilməsinin qadağan edilməsi barədə ayrıca bənd əlavə edilib.
Məcəllənin 25-ci maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:
“Sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.”.
İnzibati Xətalar Məcəlləsinə isə aşağıdakı məzmunda 368-1-ci maddə əlavə edilir:
“Maddə 368-1. Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi
368-1.1. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə -
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
368-1.2. Bu Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”.
Maddə 2. Bu Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minir.