Bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Mobil məhkəmə” proqram təminatının ictimai təqdimatı keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Baş Prokurorluğun, ASAN Xidmət, Vəkillər Kollegiyasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və mətbuat nümayəndələri iştirak ediblər.
Eləcə də bax:Hüquqi şəxslərdən problemli borcların götürülməsi - SADƏLƏŞDİRİLƏ BİLƏR
Tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Məlumat verilib ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Mobil məhkəmə” məhz bu gündən – dekabrın 24-dən istifadəyə verilir. Artıq vətəndaşlar "Mobil məhkəmə" proqram təminatını bu linkə (https://play.google.com/store/apps/details?id=com.emehkeme) daxil olmaqla öz telefonlarına yükləyərək "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən və Dünya Bankı ilə birgə işlənilərək hazırlanmış "Elektron məhkəmə" informasiya sistemi istifadəyə verilib.