Məhkəmə istifadəçiləri üçün faydalı olan “Mobil məhkəmə” proqram təminatının geniş ictimai təqdimatı olub.
Eləcə də bax: "Gələn ildən fermerlərə subsidiyalar yalnız - ELEKTRON QAYDADA VERİLƏCƏK"
FED.az "Trend"ə istinadən xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Baş Prokurorluğun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Vəkillər Kollegiyasının məsul şəxsləri, Milli Məclisin deputatları, hakimlər, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.
Təqdimatı açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət inkişafı kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın demokratik inkişaf yolu ilə inamla irəlilədiyini, bütün sahələrdə qazanılan nailiyyətləri qeyd edib, məhkəmə-hüquq sistemindəki islahatlardan və yeniliklərdən danışıb. Dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli islahatlara dəyərli töhfələr verən Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini qeyd edib.
Bildirilib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” olub və ötən müddətdə xeyli işlər görülüb. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu ərəfədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun yaradılması ilə bağlı mühüm qanunlar qəbul olunub.
Həmçinin bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd olunaraq xüsusi elektron notariat elektron çantası, yalnız Azərbaycanda mövcud olan elektron ədliyyə köşkü və Azərbaycan məhsulu olan mobil notariat proqram təminatı, habelə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin - elektron qolbaqların tətbiqi barədə məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən və Dünya Bankı ilə birgə işlənilərək hazırlanmış "Elektron məhkəmə" informasiya sistemi istifadəyə verilib.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, o cümlədən məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sair imkan verən “Mobil məhkəmə” proqram təminatı işlənib hazırlanıb. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır.
A.Sabitova bildirib ki, bugünkü tədbirimizin anonsu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun möhtərəm Prezidentimiz cənab İlham Əliyevə həsr edilmiş "Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı" adlı məqaləsində verilmişdir.
Tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Məlumat verilib ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Mobil məhkəmə” məhz bu gündən – dekabrın 24-dən istifadəyə verilir. Artıq vətəndaşlar "Mobil məhkəmə" proqram təminatını bu linkə (https://play.google.com/store/apps/details?id=com.emehkeme) daxil olmaqla öz telefonlarına yükləyərək "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.
Digər çıxış edənlər məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə məlumatları mobil qaydada dərhal əldə etməyə imkan verən “Mobil məhkəmə” proqram təminatının istifadəyə verilməsini yüksək qiymətləndiriblər.
Sonra sual-cavab sessiyası keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir musiqili bədii hissə ilə davam edib.