Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Pulu verirdim, o da məsələləri inspeksiyanın rəisi ilə həll edirdi" - 143 milyon manatlıq mənimsəmə
FED.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda bu iş üzrə həbsdə olan, hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Vahid Novruzlu dindirilib.
Qeyd edilib ki, Vahid Novruzlunun barəsində Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə cinayət işi üzrə ayrıca istintaq aparılır.
Vahid Novruzlu deyib ki, maliyyə xidmətinin rəisi olduğu hərbi hissə 2020-ci ilin dekabrın 31-ə kimi Şəmkir korpusuna tabe olub, 2021-ci ildən hərbi hissə Müdafiə Nazirliyinin maliyyə idarəsi ilə birbaşa işləyib.
Sabiq maliyyə xidmət rəisinin sözlərinə görə, 2020-ci ilin dekabrına kimi korpusa tabe olduğu dövrdə korpusun maliyyə xidmət rəisi nə tapşırıbsa, onu da icra edib.
Vahid Novruzlu bildirib ki, Maliyyə Nazirliyinin müfəttişlərinin hərbi hissədə apardıqları yoxlamalarla 848 min manat ziyan müəyyən edilib: “Lakin nağd ödənişlər nəzərə alınmadı. Bunlar ezamiyyət və səhra çıxış pulları idi. Nağd ödənişlər barədə Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etdim. Amma həmin məbləğləri ümumi məbləğdən silmədilər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır”.
Bildirib ki, Hərbi Hospitalın maliyyə xidmətinin rəisi olduğu üçün onun hesabında büdcədən kənar vəsaitlər də olub: “Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm. Amma yeyinti də etməmişəm”.
Şahid qeyd edib ki, 2020-ci il ərzində ona çatan vəsait 30 faiz olub. V. Novruzlunun sözlərinə görə, ümumilikdə ona çatan məbləğ 610 min 538 manat olub, ondan da 104 min 300 manat ödəniş edib: “Qalan məbləği ödəməyə hazıram. Mən vaxt istədim ki, ödəniş edim. Amma həbs edildim. Həbs edilməyimin əsas səbəbi ölkəni icazəsiz tərk etməyim olub”.
Şahid daha sonra qeyd edib ki, onun ancaq korpusun maliyyə rəisi Süleyman Abbasovla əlaqəsi olub: “Bütün görüşlərim Süleyman Abbasovla olub. Adıma yazılan məbləğin 230 min manatını Süleyman Abbasova vermişəm”.
Daha sonra Ramin Qaraxanov və Şirin Şükürov dindirilib.
Ramin Qaraxanov bildirib ki, hazırda təqaüddədir. Onun sözlərinə görə, 1 milyon 452 min manat mənimsəməyə yol verib. O deyib ki, bu vəsaitdən 51 min manat ödəniş edib. O, yenə də ödəniş edəcəyinə söz verib.
Şahid Şirin Şükürov bildirib ki, hazırda hərbi hissələrin birində maliyyə xidməti rəisi işləyir. Onun tərəfindən mənimsənilən məbləğ 742 min manatdır. O, cəmi 33 min manat ödəniş etdiyini deyib.
Cəlal Kazımovun vəkili bəzi şahidlərin təkrar dindirilməsi, onlara çarpaz sualların verilməsi ilə bağlı vəsatət verib. (Apa)