Vergi Məcəlləsinə hüquqi şəxslərin sahiblərini (təsisçiləri, müəssisə mülkiyyətçilərini) narahat edəcək yeni əlavə müddəalar təklif olunub. Bu barədə FED.az-a Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bildirib. FED.az xəbər verir ki, söhbət vergidən yayınmaq məqsədilə yalançı əqdlərin bağlanması, ümumiyyətlə vergidən yayınmaq cəhdlərindən gedir. Eləcə də bax: Vergi Məcəlləsinə ediləcək - BÜTÜN DƏYİŞİKLİKLƏR - 2020-Cİ İL - TAM MƏTN MMC təsisçiləri, səhmdarlar və ümumiyyətlə hüquqi şəxsin faktiki sahibləri diqqətli olmalıdırlar ki, onların sahibi olduqları müəssisədə mənfəət əldə etmək məqsədilə yalan əqd bağlanılmaqla hər hansı fəaliyyət, əməliyyat həyata keçirilmişdirsə, belə rəsmiləşdirmələrə görə yaranan vergi öhdəlikləri onların üzərinə də qoyula bilər. Məsələ bundadır ki, indiyədək mövcud olan qanunvericiliyə və qaydalara görə, bir qayda olaraq təsisçilər müəssisənin fəaliyyətindən kənarda qalırlar və xəbərsiz olduqları təsərrüfat daxili yalan əqdlərdən məlumatlı olmaya bilərlər. Xüsusilə MMC-lərdə bütün fəaliyyətə görə məsuliyyət icraçı direktorun üzərinə düşür. Amma Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklərdə vəziyyət dəyişir. Təyin etdikləri rəhbərlik tərəfindən təqdim olunan maliyyə hesabatlarında əks olunan mənfəətdən dividend gözləyən təsisçi heç özü də gözləmədən vergi öhdəliyi ilə rastlaşa bilər, əlbəttə ki, sahibi olduğu müəssisədə yalan əqd üzərindən əməliyyat aparılmışdırsa. 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minməsi gözlənilən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində Vergi Məcəlləsinə 13.2.83-cü maddə əlavə edilmişdir ki, bu maddə ilə müəssisə rəhbərlərinə və ya digər vəzifəli şəxslərinə deyil, məhz müəssisənin (hüquqi şəxsin) mülkiyyətçilərinə öhdəlik qoyulur. Bu maddəyə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi o cümlədən, yalan əqd üzrə benefisiar (faydalanan şəxs) hesab ediləcəkdir və vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsinin 78.4-cü maddəsində edilmiş yeni dəyişiklikliyə əsasən belə mülkiyyətçinin (təsisçinin) üzərinə qoyula bilər.
|
MMC təsisçiləri üçün «pis xəbər» – MƏSULİYYƏTƏ CƏLB OLUNACAQLAR
09:27
1 Noy 2019