Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini sataraq dələduzluq və hakerlikdə təqsirli bilinən Mahir Mehman oğlu Rəsulovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
FED.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Rahim Nəhmətov işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını istəyib. Prokuror bildirib ki, cinayət işi üzrə əsas epizodlar Bakı şəhərində baş verib.
Hakimlər kollegiyasının qərarına əsasən, cinayət işinə hansı məhkəmədə baxılması barədə adiyyəti üzrə qərar verilməsi üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilib. Şirvan Apellyasiya Məhkəməsi cinayət işinə hansı məhkəmədə baxılacağı barədə qərar qəbul edəcək.
Qeyd edək ki, iş üzrə 30 nəfərə yaxın zərərçəkmiş müəyyən olunub.
İttihama görə, Mahir Mehman oğlu Rəsulov özünü İT şirkətinin rəhbəri kimi təqdim edib, vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb. Onun dostu Rəfael adlı şəxs də özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib, birlikdə təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılıb. (Apa)