Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılmışdı.
Eləcə də bax: Bakıda şirkət rəhbəri - Həbs Edilib
Məlum olurdu ki, şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlıdır. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər.
FED.az xəbər verir ki, MİDA məsələ ilə bağlı açıqlama verərək izah etdi ki, adı çəkilən binalar “KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi.
27 saylı bina MİDA-ya təhvil verilməli, 28 və 29 saylı binlar isə “KAT Holdinq” MMC-nin sərəncamında qalmalı idi. MİDA deyir ki, indi şikayətlər məhz 28 və 29-cu binalarla bağlıdır.
Məlum olub ki, “KAT Holdinq” MMC-nin qeyd edilən binları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsidir.
Elçin Ələkbərov nədə ittiham edilir?
İş adamı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək həbs edilib.
6 aydır həbsdə olan Elçin Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Holdinq rəhbəri kimin şikayəti ilə həbs edilib?
Yuxarıda da qeyd etdiyimiz kimi Elçin Ələkbərov uzun müddətdir tikinti sahəsində çalışıb və “KAT Holdinq” MMC-nin təsisçisidir.
Elçin Ələkbərovdan şikayət edən isə son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusadır.
Razılığa əsasən Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 minatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binlardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdılıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib.
Binların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
Povilas Pociusa 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1 və 313-cü maddələri cinayət işi başlanıb. Lakin bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinin başlanması rədd edilib.
Povilas Pociusa şikayətlərini davam etdirib. Sonradan isə Elçin Ələkbərova qarşı Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb.
Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.
İşin digər ilginc tərəfləri də var. Belə ki, Povilas Pociusanın tələb etdiyi məbləğ “Kat Holdinq” MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsi ilə şirkətin aldığı borcdur. Bundan əlavə alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləği isə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə 10 milyon dəyər hesablanır.
Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.
Onun ailə üzvlərinin əmlakının üzərinə qoyulan həbs qərarları məhkəmə ilə ləğv edilib. Lakin sonradan yenidən həmin əmlaklar üzərinə həbs qoyulub. (Mübahisə)