Bakı Ağır Cinayətlər Məhkəməsində MİDA-nın sosial binalarında 1 mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "KAT" Holdinqin rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: MİDA evləri ilə bağlı daha bir həbs - “300 min alıb qaçmaq istəyirdi”
FED.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Qətibə Kərimova bildirib ki, 2018-ci ilin iyun ayında "KAT" Holdinqdə kreditlə mənzil götürüb.
"Razılığa əsasən, mənzil dekabr ayında təhvil verilməli idi. Təhvil verilmədi. Gah dedilər yanvarda, gah da mart ayında təhvil veriləcək. Verilmədi. Hər ay vaxtında kredit borcunu ödəsəm də, mənzili mənə təhvil vermədilər. Hər ay 1000 manat ödəniş etməli olduğum halda, 3-4 min manat ödəmişəm. Hazırda 17 min manat borcum var. Evi bizə heç kim təhvil vermədiyi üçün məcbur olaraq mənzilə köçmüşəm. Razılığa əsasən, mənzil tam təmirli halda mənə təhvil verilməli idi. Amma mənzildə heç bir təmir aparılmayıb. Suvaqlı mənzilə köçmüşəm, özüm təmir etdirmişəm.
Şahid Tural Əhmədli isə bildirib ki, adıçəkilən binadan mənzil alıb: "MİDA-nın sosial binalarından atam mənim üçün mənzil almışdı. Mənzillə bağlı atam birbaşa Elçin Ələkbərovla danışıb müqavilə bağlayıb. Kvadratmetri 1000 manata razılıq əldə olunub, 64,6 kvadratmetr sahəsi olan mənzilə görə 64 min 600 manat pul ödəmişik. Evi nağd pula almışıq. Pulun bir qismini, 30 min manatını notarial qaydada, qalan məbləği isə əlbəəl vermişik. Amma bizə evi təhvil vermədilər. Məlum oldu ki, mənzil bir neçə nəfərə satılıb. Biz məcburiyyət qarşısında mənzili təmirsiz alıb öz pulumuzla təmir etdirdik. Hazırda mənzildə yaşayıram, amma mənə dəymiş ziyan ödənilməyib".
Digər şahid Elçin Novruzov bildirib ki, 2005-ci ildə Səbail rayonu ərazisindən "KAT" Holdinqdən 362 kvadratmetrlik restoran alıb: "Bir müddətdən sonra obyekti sökdülər. Elçin Ələkbərov dedi ki, obyektin pulunun bir hissəsini qaytaracaq, bir hissəsinə isə mənzil verəcək. Amma mənzili vermədi. Hazırda bizə 400 min manat borcu qalıb. Bizə dedi ki, obyektə görə hər biri 60 kvadratmetrlik 4 mənzil, 40 kvadratmetrlik isə bir mənzil verəcək. Amma hələ də heç bir mənzili verməyib".
İttihama görə, Elçin Ələkbərov son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusanın şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb.
Həmçinin, holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib. Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
İstintaq orqanı tərəfindən Elçin Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. (Trend)