Dələduzluqda təqsirləndirilən Günay Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. Bildirib ki, təqsirləndirilən şəxs 439 min manatı ələ keçirməkdə ittiham olunur.
Prosesdə ifadə verən Günay Məmmədova özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxs bildirib ki, ondan şikayətçi olan şəxslərin böyük əksəriyyətini tanımır.
Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.
Qeyd edək ki, Günay Məmmədovanın Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Günay Məmmədovaya Cinayət Məcəlləsinin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. (Report)