İqtisadi, həmçinin, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirakla bağlı nəzərdə tutulan müddət dəyişdirilir.
Eləcə də bax: Azərbaycanda biznes mübahisələrin – DANIŞIQLA HƏLLİ – QAYDASI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə “Mediasiya haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanunun 28.1-ci maddəsinə əsasən, yuxarıda adıçəkilən mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
Qeyd olunan mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.
Tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir.
Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər.
Qanunun 29-cu maddəsi isə həmin mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları ilə əlaqədardır.
29.1-ci maddədə yazılır ki, mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir. Tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir.
Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər.
Bildirək ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.
Mediator isə peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş fiziki şəxsdir.
Qanunun hazırda qüvvədə olan variantına görə, 28-ci və 29-cu maddələr və həmin maddələrlə bağlı olan müddəaların 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanuna nəzərdə tutulan dəyişiklik layihəsində isə bildirilir ki, həmin müddəalar 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minsin.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq. (Oxu)