Nazirlər Kabineti « Mediasiya prosesinin həyata keçirilməsi QAYDASI»nı təsdiqləyib.
FED.az xəbər verir ki, bu qaydalar mülki və biznes mübahisələrinin məhkəməyə qədər mediasiya – yəni tərəflərin də cəlb edildiyi danışıqlar yolu ilə həllini müəyyən edir.
Eləcə də bax: Azərbaycanda əhaliyə bu xidmət - ÖDƏNİŞSİZ GÖSTƏRİLƏCƏK
Qaydalara görə, mediasiya prosesində tərəflər həm hüquqi, həm də fiziki şəxslər ola bilər.
Mediatoru, yəni danışığı təşkil edəcək şəxsi tərəflər özləri seçirlər, istəmədikdə ondan imtina edirlər. Tərəflər burada özləri və ya vəkilləri ilə iştira edə bilərlər. Mediasiya prosesində isə təkliflər verib müzakirələrdə iştirak edə bilərlər. Tərəfərin mediatorla ayrı-ayrılıqda görüşməsinə də qadağa yoxdur. Eləcə də qaydalara görə, tərəflər barışıq sazişinin icrasını təmin etməli, mediasiya prosesinin konfidensiallığını qorumalıdırlar.
Öz növbəsində mediator da peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, Qanunun tələblərinə cavab verən fiziki şəxs olmalıdır. Mediasiya prosesinə görə mediatora ödəniş verilir.
Qaydalara görə, mediator da işin konfedensiallığını qorumalı, tərəflərə
tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etməli,
mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmalıdır.
Mediatorlar iki ildə bir dəfədən az olmayaraq təşkil olunan Qanunda nəzərdə tutulmuş ixtisasartırma kurslarında iştirak etməlidir.
Mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina etmək və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam verə bilər.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla, “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
Mediasiya danışıqlar şəraitində həyata keçirilir, burada
mübahisənin mahiyyəti açıqlanır, tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq aparılır,
mübahisənin həlli üçün təkliflər hazırlanır və prosesə xitam verilir və barışıq sazişi imzalanır.
Yeni gəlmişkən, qaydalara görə, mediator hər hansı tərəflə qohum, dost və ya tanış olması barədə məlumatları, müstəqilliyinə və ya qərəzsizliyinə təsir edə biləcək və ya təsir etmək ehtimalı olan, tərəflərdə onun müstəqilliyi və ya qərəzsizliyi ilə bağlı hər hansı bir şübhə yaratmaq ehtimalı olan və ya maraqların toqquşmasına səbəb olacaq məlumatların olub-olmamasını tərəflərə açıqlamalıdır. Əgər hər hansı belə məlumat açıqlanarsa, tərəflər belə məlumatla yazılı şəkildə tanış olmalı və mediatorun mediasiyanı aparmasına yazılı razılıq verməlidirlər.
Mediasiya prosesində həll edilməsi nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.
Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Mediator tərəflərə şəxsən iştirak etməyi tövsiyə edir və şəxsən iştirak etməməyin potensial mənfi nəticələrini izah edir. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.
Mübahisənin həlli üçün təkliflərin hazırlanması mərhələsində tərəflər təkliflər verir, təklif olunan variantları təhlil edir və öz fikirlərini bildirirlər.
Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər.
Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Hər iki tərəfə açıqlanan belə barışıq təklifi tərəflərin qarşılıqlı razılığı ilə verilir.
Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir.
Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi imzalandığı gün tərəflərə təqdim edilməlidir.
Tərəflər arasında barışıq sazişi bağlanıldıqda və ya mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə, və ya tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesi yekunlaşdırılır.
Qaydalara görə, mediasiya prosesi nəticəsində imzalanmış barışıq sazişi
«Mediasiya haqqında» Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir.
Sözügedən qanunun 33 və 34-cü maddələri aşağıdakı kimidir:
Maddə 33. Barışıq sazişi
33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir:
33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer;
33.1.2. tərəflər haqqında məlumat;
33.1.3. mübahisənin predmeti;
33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar;
33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri;
33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri;
33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.
33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.
33.3. Barışıq sazişi qüvvədə olan qanunvericiliyə və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.
Maddə 34. Barışıq sazişinin icrası
34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.
34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.