“Son zamanlar müşahidə edirik ki, bəzi vəkillər sosial şəbəkələrdə müəyyən məhkəmə proseslərini ictimai müzakirəyə çıxarır, bəzən isə bunu qeyri-etik formada edirlər. Birmənalı şəkildə bildirirəm ki, indiyədək biz bu hallarla bağlı xəbərdarlıqlar etmişik. Lakin bu gündən etibarən bu məsələdə daha ciddi tədbirlərin görülməsi zəruridir”.
FED.az biznes və iqtisadiyyat xəbərləri agentliyi E-huquq.az-a istinadən xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözləırinə görə, məhkəmə hakimiyyətini lağa qoyan, əsassız və xoşagəlməz fikirlərlə çıxış edən vəkillər barəsində intizam tədbirləri görülməsi nəzərdə tutulur.
“Mən istəməzdim ki, məhkəmə hakimləri arasında vəkillik haqqında belə bir rəy formalaşsın ki, vəkillər prosesi manipulyasiya edir. Biz azad peşə sahibləriyik və peşə azadlığını qorumaq üçün məsuliyyətli davranmalıyıq. Bəzi vəkillər məhkəmələr və digər dövlət qurumları haqqında əsassız, subyektiv və bəzən həqiqətə uyğun olmayan fikirlər paylaşır, bu isə böhtan və təhqir kimi qiymətləndirilə bilər. Təbii ki, bu hallar bütün vəkillərə aid deyil, lakin azsaylı da olsa, belə hallar bizim diqqətimizdədir və həmin vəkilləri məsuliyyətə dəvət edirik”, - deyə sədr bildirib.
A.Bağırov sonda qeyd edib ki, vəkillərin sayının artması fonunda bu cür halların qarşısı alınmasa, Vəkillər Kollegiyasının məhkəmə sistemindəki rolu və nüfuzu zədələnə bilər:
“Biz belə bir mənzərə ilə razılaşa bilmərik və bu istiqamətdə ciddi nəzarət tədbirləri görüləcək. Yadda saxlamalıyıq ki, biz hər birimiz bütün Azərbaycan vəkilliyini təmsil edirik. Hər bir vəkilin fəaliyyəti, davranışı və sözləri bütövlükdə vəkilliyin nüfuzuna təsir edir. Tək bir vəkilin yanlış addımı bütün Vəkillər Kollegiyasına, eyni zamanda cəmiyyətin vəkillik peşəsinə olan münasibətinə zərər vura bilər. Buna görə də cəmiyyətin vəkillik institutuna olan münasibəti məhz vəkillərin şəxsi davranışları, ictimai çıxışları və fəaliyyətindən formalaşır”.