Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib. Nazirlikdən FED.az-a verilən məlumata görə, toplantıda Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçiləri də iştirak ediblər. Müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
Eləcə də bax: Krediti qaytarmayanları həbs etmək olarmı? – AÇIQLAMA
Toplantıda Fikrət Məmmədov bildirib ki, ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 21 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.
Eləcə də bax: Kapitalı 10 manat olan şirkətdən nə gözləmək olar ki… - MÜSAHİBƏ
Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd olunaraq belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.
Eləcə də bax: Borcunu qaytara bilməyənlərlə bağlı - YENİ QƏRAR
Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.