Azərbaycanda məhkəmə qərarlarının icrası sahəsindəki poblemlərin həlli, mənfi halların aradan qaldırılması və icra işinin sürətləndirilməsi məqsədilə ölkədə ilk dəfə olaraq özəl icra qurumlarının yaradılmasına başlanılıb.
Bu barədə FED.az-a Ədliyyə Nazirliyindən bildirilib. Nazirlik bildirir ki, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası ilə əlaqədar olaraq məhkəmə qərarlarının icrasının sürətləndirilməsi, icra orqanlarının fəaliyyətində şəffaflığın artırılması, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üçün konkret addımlar atılıb. Eyni zamanda ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb.
Eləcə də bax: Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı - 20 ÖLKƏDƏN BİRİDİR
Eyni zamanda, Fərmanın icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq hazırda 900 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, habelə icranın özəl qurumlara həvalə edilməsinə dair beynəlxalq praktika və müxtəlif dövlətlərin bu sahədə qanunvericiliyi öyrənilib, təcrübələri ilə yerində tanış olunub.
Nazirlik bildirir ki, məhkəmə qərarlarının icrası məsələsi bütün dövlətlərdə mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə alternativ mexanizmlər, o cümlədən icra işinin özəl qurumlara həvalə olunması institutu geniş tətbiq edilir.
Özəl icra sisteminin ölkəmizdə tətbiqi məhkəmə qərarlarının icrasının daha operativ, səmərəli təmin edilməsinə, yekun məhkəmə qərarının vətəndaşın seçimi ilə istənilən icra məmuruna icra üçün təqdim olunmasına, icra sənədi statusuna malik borc müqavilələri üzrə sənədlərin məhkəməyə getmədən özəl icra məmurları ilə birbaşa müqavilə bağlanılmaqla icrasının təmin olunmasına imkan yaradacaq.
Bu, həm də məhkəmələrin iş yükünün azaldılmasına, dövlətin icra sahəsində xərclərindən tam və ya qismən azad olmasına, özünümaliyyələşdirmə və rəqabət prinsipi əsasında qənaətbəxş gəliri olan çoxsaylı özəl iş yerlərinin açılmasına xidmət edəcək.
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üzrə tədbirlər davam etdirilir. Bu məqsədlə nazirliyin İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti bu günlərdə Fransada və Niderlandda tanışlıq səfərində olub.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə həyata keçirilmiş səfər zamanı nümayəndə heyəti həmin ölkələrin özəl icra sistemləri ilə yaxından tanış olub, müxtəlif görüşlər keçirib.
Tədbirlərdə özəl icra qurumlarının xüsusiyyətləri, bu sahədə ədliyyənin fəaliyyəti, dövlətin maraqları, özəl icra məmurlarının istifadəsində olan elektron informasiya sisteminin funksionallıqları barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, təqdimatlar keçirilib.
Həmçinin nümayəndə heyəti icra məmurlarının məhkəmə qərarlarının icrası ilə yanaşı, həyata keçirdikləri hüquqi xidmət, mediasiya, kollektor fəaliyyəti və digər işlər barədə məlumatlandırılıb.